– Allah xatirinə, Allah xati..., Alla...
Açıq olan sağ əlini tərpətmədən, dişi ilə sol əlindəki əlcəyini çıxardı. Cibindən siqaret çıxarıb, ağzına qoydu.
– Allah xatirine, eee, bidənə "jajqalka"vı ver də. – Yanındakı siqaret çəkən cavan oğlana səsləndi. Oğlan heç nə demədən alışqanı çıxarıb, uzatdı. Sağ əlini hələ də hava saxlamışdı. Siqaretini yandırıb, alışqanı oğlana uzatdı.
– Allah xatirinə, kömək edin, Allah xati... – bu sözləri o qədər təkrarlamışdı ki, sonluqları ya mırıldanırdı, ya da ki, ümumiyyətlə heç demirdi. Onsuz da hər kəs başa düşürdü ki, o dilənçidir.
Avtobusun gecikməsinə görə dayanacaqda iyirmiyə yaxın adam toplanmışdı. Bu sıxlığı görüb daha da ümidləndi.
– Ay bacı, Allah xatirinə kömək elə, ay qardaş, Allah xatirinə...
Hava qaralmışdı amma avtobus isə hələ də gəlib çıxmamışdı. Yavaş-yavaş əlini cibinə salıb bu gün diləndiyi pulları saymağa başladı. Düz 14 manat idi. Səhər utana-utana girdiyi aptekdə, resepti satıcıya verib, "bacı birdənə gör hamısı nə qədər edir, amma yığma". Reseptə baxan orta yaşlı xanım, hesablayıb 15 manat demişdi. Siqaretindən dərin bir qullab vurub, ürəyində dua etməyə başladı. "Ay Allah bircə bu avtobus gəlib çıxmasın, adamlar çoxalsın, 1 manat da yığıb, evə gedəcəyəm, dərmanları da alaram, uşaq özünə gələr".
– Allah xatirinə, Allah xaa.., ay oğlum, – dayanacaqda 15 dəqiqədir ki, gözləyən Turqut, səsdən diksinib narazı baxışlarla çevirilib dilənçinin süzdü. – Ay oğlum, köməy elə – dilənçi susmurdu. Ən yaxın dostunun ad gününə gecikən Turqut, bir tərəfdən avtobusun yoxluğundan, bir tərəfdən də dilənçinin səsindən təngə gəlmişdi. Əsəbi-əsəbi yerində qurcuxdu. Dayanacağa 30'dan çox adam yığılmışdı, dilənçinin yalvarışlı səsi, getdikcə güclənirdi. Turqut düşündü: " Ay Allah bircə avtobus gəlsin, buna 1 manat verəcəyəm".
Artıq yaşlı qadınlar və kişilər dövlətdən şikayət etməyə başlamışdılar. Kimisi bezib, dayanacaqda duran taksiyə minirdi, kimisi əsəbləşib siqaret yandırırdı, kimisi uzanan yolun başlanğıcına kədərlə baxıb, avtobusu gözləyirdi. Hamı tələsirdi.
– Ay oğul, Allah xatirinə, ay qardaş, Allah köməyiniz olsun, Allah xatirinə. – Dilənçi yığılmış insanlara baxaraq yazıqcasına yalvarırdı. Tərslikdən heç kim ona əhəmiyyət vermirdi. Bircə manat da versəydilər, çıxıb gedərdi.
Tez-tez gələn zəngləri açıb, üzrxahlıq edən Turqut, getdikcə daha çox əsəbiləşirdi.
Birdən yanındakı kişi əllərini açıb "odeyy, gəlir". – deyə qışqırdı. Hər kəs sevincdən kişinin göstərdiyi tərəfə baxanda, gördülər ki, həqiqətən, gələn avtobusdur. Bir anda əsəbi qocalar sevinməyə başladı, siqaret çəkənlər dərhal siqaretlərini atdılar, yorğun-yorğun gözləyənlər isə oturmaq üçün tez avtobusun saxlayacağı yeri təxmin edib, önə sıçradılar. Bu xəbərə bircə dilənçi sevinməmişdi. Ürəyində hər kəsə söyüb, kor-peşiman evə getməyə hazırlaşdı. Öz özünə deyirdi:
– Daha bundan sonra gözləməyin bir mənası yoxdur, onsuz da burda heç kim qalmayacaq.
Qoca dilənçi uzaqlaşarkən Turqut telefonda danışırdı – "vallah, qardaşım, hər kəsin avtobusu gəldi, bircə mənimki gəlməyib, Allahın dilənçisi də getdi, mən hələ gözləyirəm"...
Elnur Zaidov
2021-03-11T18:28:21+03:00Uğurlar💙Əla